Soyuq qış günlərində azalan fiziki fəaliyyət və bol kalorili yeməklərlə qidalanma, bir çox insanın baharı əlavə çəki ilə qarşılamasına səbəb olur. Yay aylarının yaxınlaşması ilə artıq çəkidən tez bir zamanda xilas olmaq arzusu isə insanları təhlükəli yollara sürükləyir. Zərərli pəhrizlər, sürətli nəticə vəd edən içkilər, hətta iynə və dərmanlara belə əl atılır.
Bəs görəsən, niyə insanlar sağlamlıqlarını riskə atacaq qədər bu metodlara yönəlirlər? Sürətli arıqlama uğrunda edilən bu risklərin psixoloji səbəbləri nədir? Bunun hansı ciddi fəsadları ola bilər? Bu sualların cavabları həm fərdi sağlamlığın qorunması, həm də cəmiyyətin estetik təzyiqlərindən azad olması baxımından böyük əhəmiyyət daşıyır. Mövzu ilə bağlı məsləhətlərini dinləmək üçün mütəxəssisə müraciət etdik.
Dietoloq Aynurə Aşirova Referans-a açıqlamasında sürətli çəki atmağın, sürətli çəki qazanmaqla ardıcıl zamanda baş verəcəyini dedi. Mütəxəssis bildirdi ki, bu çox maraqlı və vacib bir mövzudur. Gəlin əvvəlcə bu suala cavab axtaraq: niyə insan orqanizmi qışda daha çox yeməyə meyillidir, yayda isə bu ehtiyac azalır? Bunun əsas səbəbi bədənimizin təbii enerji mənbəyi olan Günəşdir. Günəşdən enerji ala bilmədiyimiz qış aylarında bədən əlavə enerjiyə ehtiyac duyur. Bu enerjini isə əsasən karbohidratlı qidalardan əldə etməyə çalışırıq. Çünki karbohidratlar sürətli enerji verir, insana istilik və doyumluluq hissi bəxş edir. Bu səbəbdən də qış aylarında xəngəl, xəmir xörəkləri və şirin, unlu məhsullara daha çox maraq yaranır. Yay gəldikcə isə vəziyyət dəyişir. Artıq Günəş enerjisini birbaşa alırıq, bədən əlavə enerji ehtiyacını təbii şəkildə qarşılayır. Meyvə və tərəvəzlərin bol olması, havaların isti keçməsi iştahanı azaldır, ağır yeməklərə tələbat aşağı düşür.
Müsahibimiz onu da diqqətə çatdırıb ki, yay aylarında insanların arıqlamaq istəyi daha çox olur. Qalın geyimlər çıxarılır, bədən daha görünən olur və insanlar öz görünüşlərinə daha çox diqqət yetirməyə başlayır. Bu mərhələdə problem odur ki, bir çox insan qısa müddətdə nəticə əldə etmək üçün sağlamlığa zərər verə biləcək metodlara əl atır. Yay tətili, çimərlik mövsümü və s. kimi motivasiyalar bəzən düzgün qidalanmadan daha vacib görünür. Lakin yemək davranış pozuntusu olan və yüksək çəkidən əziyyət çəkən insanlar üçün bu motivasiyalar kifayət etmir. Onlar tez və sürətli nəticə istədikləri üçün təhlükəli pəhrizlərə yönəlirlər. Bu isə orqanizmin psixoloji və fizioloji vəziyyətinə ciddi zərər verə bilər.
Aynurə Aşirova həmçinin onu da bildirib ki, sürətli arıqlama – yəni kəskin kalori defisiti – nəticə versə də, bu çəkinin qorunması çox çətin olur. Orqanizm bir müddət sonra özünü müdafiəyə keçir, maddələr mübadiləsi zəifləyir və əvvəlki qədər az kalori ilə belə çəki almağa başlayır. Bu da “atak” adlandırılan bir dövrə gətirib çıxarır: insan qəfildən nəzarətsiz yeməyə başlayır və verdiyindən daha çox çəki alır. Ən təhlükəlisi isə psixoloji təsirlərdir. Tez-tez pəhriz başlayıb uğursuzluqla qarşılaşmaq insanın özünə inamını sarsıdır. Bu səbəbdən də insanlar bir dəfə arıqlayıb sonra kökəldikdən sonra yenidən başlamaq istəmir. Çünki artıq inamlarını və motivasiyalarını itirmiş olurlar. Bu səbəbdən mən hər zaman balanslı və davamlı qidalanmanı tövsiyə edirəm.
"Arıqlamaq üçün hazırlanan proqramlarda hər cür qida olmalıdır. Milli mətbəximizə uyğun, asan tapılan məhsullarla qurulan qidalanma həm sağlam, həm də qalıcı nəticə verir. Hədəf, sağlam həyat tərzi qurmaq olmalıdır, yoxsa yalnız yay üçün arıqlamaq deyil",-deyə mütəxəssis qeyd edib.
Gülgəz Qədirova
Referans