AZ

Çin ilə ABŞ arasında ticarət məsələləri üzrə danışıqların növbəti raundu keçiriləcək

Pekin, 11 may, AZƏRTAC

Çin ilə ABŞ arasında ticarət mübahisələrinə dair Cenevrə danışıqları mayın 11-də də davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Mayın 10-da keçirilmiş danışıqlarda yekun nəticə olmasa da, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında danışıqların konstruktiv şəkildə keçdiyini, böyük irəliləyişin əldə olunduğunu yazıb.

Qeyd edək ki, danışıqlarda Çin nümayəndə heyətinə Baş nazirin müavini Hı Lifen, ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Besent rəhbərlik edir. Bu, Donald Trampın hazırkı prezidentliyi dövründə iki ölkə arasında rüsum və ya ticarət müharibəsi başlayandan bəri ilk yüksəksəviyyəli təmasdır. Çin tərəfi görüşün ABŞ-ın istəyi əsasında baş tutduğunu açıqlayıb.

Donald Tramp administrasiyası Çin mallarına tətbiq olunan idxal rüsumlarını mərhələli şəkildə artıraraq 145 faizə yüksəldib. Buna cavab olaraq, Çin ABŞ-dan idxal edilən mallara gömrük rüsumlarını 125 faizə qaldırıb. Prezident Donald Tramp Çinlə ticarət üzrə Cenevrə danışıqları ərəfəsində bu ölkə üçün 80 faizlik tarif ola biləcəyinin mesajını verib. O bildirib ki, Çin öz bazarını ABŞ-a açmalıdır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
0
43
azertag.az

10Mənbələr