AZ

Qazaxda Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTOLAR

Mayın 8-də Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil, suveren, demokratik, hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir” adlı elmi-praktiki konfrans keçirilib.


"Unikal" xəbər verir ki, Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər. 


Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. 


Sonra Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş kitab və fotoşəkillərdən ibarət “Məşələ çevrilən həyat” başlıqlı sərgiyə baxış keçirilib. 


Mərkəzdə davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “İz” filmi nümayiş etdirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi "Azərbaycan dövləti indiyə qədər olduğu kimi bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır. Respublikamızda “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi Azərbaycan dövləti üçün yeni inkişaf mərhələsinin başlaması istiqamətində önəmli addım olmaqla, ölkəmizin hərtərəfli inkişafında mühüm mərhələ olacaqdır. 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, Heydər Əliyev və Onun Azərbaycana rəhbərlik dövrü xalqımızın qürur duyduğu gerçək tarixdir. Ən yeni tariximizin dahi şəxsiyyəti olan Heydər Əliyev fenomeni sayəsində Azərbaycan öz müstəqilliyinə nail oldu, dünya dövlətləri sırasında öz mövqeyini qoruyub saxlaya bildi. 


Təqaüddə olan müəllim Bəsdi Ələkbərova çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində və dövlətçiliyin inkişafı istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətində təhsil siyasətinin xüsusi yeri olmuşdur. Fundamental və tarixi əhəmiyyətli məqsədlərə hədəflənmiş təhsil strategiyasının kökündə azərbaycanlıların savadlanmasına yönəlmiş strateji addımlar, o cümlədən milli-mənəvi dəyərlərin qorunması, yaşadılması, xalqın tarixi, mədəniyyəti, ədəbiyyatı, dili, folkloru və bütövlükdə, milli yaddaşın mühafizəsi dayanırdı. 


Təqaüddə olan müəllim Məzahir Qocayev çıxış edərək bildirib ki, “Təhsil millətin gələcəyidir”, - deyən Ümummilli Lider Heydər Əliyev xoşbəxt gələcəyin məhz təhsillə bağlı olduğunu öz çıxışlarında dəfələrlə vurğulayırdı. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə, təhsilin inkişafına, təhsil şəbəkələrinin genişləndirilməsinə, yeni-yeni məktəb binalarının tikilib istifadəyə verilməsinə, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasına, Azərbaycan gənclərinin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almalarına diqqət və qayğı ilə yanaşmış, dövlət-təhsil siyasətinin əsaslarını yaratmışdır. 


Təqaüddə olan müəllim Gülnar Osmanova çıxış edərək bildirib ki, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə cəmiyyətin həyatında böyük dəyişikliklər baş verdi, ölkəmizdə intibah və tərəqqi dövrü start götürdü. Azərbaycanın indiyə qədər qazandığı və bu gündən sonra əldə edə biləcəyi nailiyyətlərin hamısı bu tarixi günün məntiqi nəticəsi kimi qiymətləndirilir. 


“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə həkim-otolarinqoloq Gültac Qədimalıyeva çıxış edərək vurğulayıb ki, Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin dərin köklərinin, möhkəm dayaqlarının olması XX əsrin ikinci yarısında özünü daha bariz şəkildə göstərməyə başladı. Çünki ölkəmizə rəhbərlikdə olan dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik siyasətinin əsasında məhz sağlam vətəndaş cəmiyyəti, savadlı tibb kadrlarının yetişdirilməsi dayanırdı. 

Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva çıxış edərək bildirib ki, Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi həyatına uğurlu yeniliklər, dəyişikliklər gətirdi. Məhz Heydər Əliyevin qayğısı nəticəsində həmin dövrdə Azərbaycan sosial-iqtisadi və mədəni cəhətdən yüksək səviyyədə inkişaf etdi, xalqımızın adı həmişə hörmət və iftixarla çəkildi.  


BDU-nun Qazax filialında Tarix ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Samirə Həsənova çıxış edərək bildirib ki, Heydər Əliyev xalqını və millətini sevən bir vətəndaş,  hər zaman dövləti və dövlətçiliyin inkişafı yolunda misilsiz fəaliyyət göstərən dövlət xadimi olmuşdur. Ümummilli Lider Heydər Əliyevin adı təkcə Azərbaycanın tarixinə deyil, həm də dünya siyasətinin tarixinə fenomenal şəxsiyyət, dahi lider, uzaqgörən dövlət başçısı kimi həkk olunub. 
 

Seçilən
0
5
unikal.az

10Mənbələr