Mayın 8-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərini qeyd edən, onun siyasi-strateji xəttinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazandığını diqqətə çatdıran Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu amilin milli inkişafımız üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Ermənistanın deportasiya və işğalçılıq siyasəti nəticəsində yurd-yuvasından didərgin düşən həmvətənlərimiz hər zaman ümummilli liderin diqqət və qayğısını hiss ediblər. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə, bu sahədə Dövlət Proqramı hazırlanıb, icra olunub. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası öz bəhrəsini verməyə başladıqdan sonra ilk vəsait qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilib. Beynəlxalq təşkilatların qaçqın və məcburi köçkün problemlərinin həllinə dəstək göstərməsi, yardımlar etməsi də Ulu öndərin təşəbbüsü və çağırışı əsasında olub. Bununla da, ölkədə yaşana biləcək humanitar fəlakətin qarşısı alınıb.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətini daha da təkmilləşdirərək uğurla davam etdirir. Məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi həssaslıqla yanaşır, bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm işlər görür.
44 günlük Vətən Müharibəsi və bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra işğaldan azad edilmiş ərazilərdə geniş bərpa və quruculuq işləri aparılır.
Dövlətimizin başçısının məqsədyönlü siyasəti nəticəsində soydaşlarımızın ata-baba yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışı üçün imkan yaranıb. Artıq Zəngilan rayonunun Ağalı, Ağdərə rayonunun Talış kəndi, Füzuli, Laçın, Şuşa, Xocalı və Cəbrayıl şəhərlərinə, Laçın rayonunun Zabux və Sus, Xocalı rayonunun Ballıca, Ağdam rayonunun Sarıcalı, Ağdərə rayonunun Həsənriz və Suqovuşan kəndlərinə keçmiş məcburi köçkünlər köçürülüb. Soydaşlarımızın doğma yurdlarına mərhələli qaydada qayıdışı qarşıdakı aylarda da davam edəcək.
Tədbirdə ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə dövlət qayğısı, bu kateqoriyadan olan soydaşlarımızın sosial problemlərinin həlli ilə bağlı ölkə daxilində və xaricində apardığı müdrik və uzaqgörən siyasətindən bəhs edən film nümayiş olunub.
Qeyd edilib ki, müstəqil dövlət quruculuğunun on ili ərzində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə görülən işlərin miqyası çox böyükdür. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Tədbirdə belə bir inam ifadə edilib ki, Ulu Öndərin bütün vəsiyyət və arzuları kimi keçmiş məcburi köçkünlərin doğma torpaqlara qaydışı da təmin ediləcək, tezliklə Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən öz məcrasına qayıdacaqdır.