Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən zərərçəkmiş şəxs Zabil Səfərov ifadə verib.
Publika.az xəbər verir ki, Z.Səfərov ifadəsində 1993-cü aprel 4-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcərə girdiyini, onları mühasirəyə aldığını deyib.
“Ermənilər məni tanka mindirib aparanda nənəm yalvardı ki, uşağı məndən ayırmayın. Amma onlar buna məhəl qoymadı. Bundan sonra nənəmi “nə vaxtsa bizim ordu bu torpaqları alacaq” sözünə görə orada öldürdülər. Nənəmi öldürəndən sonra məni Kəlbəcərin Vəng kəndinə gətirdilər. Orada da bizə işgəncə verib, sonra rayona gətirdilər”, - deyə o bildirib.
Zərərçəkmiş şəxs xatırlayıb ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri girov götürdükləri azyaşlı, qadın, qız-gəlini təhqir edir, qoca, uşaq demədən hamıya işgəncələr verir, onları qətlə yetirirdilər.
“Ermənilər şişi qızdırıb bizim əsgərin bədənini yandırdılar. Həmçinin birinin qulağını kəsdilər. Mən Şuşa “türmə”sində olarkən birinin bədənini yandırdıqlarını, xaç işarəsi qoyduqlarının şahidi oldum. Ermənilərin bir neçə azərbaycanlını döyərək öldürdüklərini gördüm.
Həmçinin onlar 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar, sadəcə, başları çöldə qalmışdı.