AZ

Həftəsonu 20 min 549 bakalavr magistraturaya imtahan verəcək

Mayın 11-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, imtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 82 binada təşkil olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahanın başlandığı andan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.

İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə 1 – 14 aprel tarixlərində aparılıb. İmtahanda iştirak etmək üçün 20549 bakalavr ərizə təqdim edib. Onlardan 19059 nəfər Azərbaycan bölməsi, 1490 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12743-ü cari ilin, 7806-si isə əvvəlki illərin məzunlarıdır, 51 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 59, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 5, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 15038, Naxçıvanda 567, Gəncədə 1255, Sumqayıtda 1532, Abşeronda 1060, Mingəçevirdə 705, Lənkəranda 392 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 82 ümumi rəhbər, 232 imtahan rəhbəri, 1872 nəzarətçi, 273 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.

Seçilən
0
31
aznews.az

10Mənbələr