"Azərbaycanda narahatedici və paradoksal bir vəziyyət yaranıb.
Hər gün vətəndaşların bank kartlarından 25-30 min manat civarında vəsait kiberdələduzluq yolu ilə oğurlanır.
Bu rəqəmlər artıq adi statistikaya çevrilib.Daxili İşlər Nazirliyi demək olar ki, hər gün bu barədə faktlarla dolu həyəcan siqnalı verir, lakin problem azalmır, əksinə dərinləşir.
Açıq görünür ki, bu, artıq tək-tək hadisələr deyil, sistemli və kütləvi xarakterli cinayət dalğasıdır". "
"Cebheinfo.az" xəbər verir ki, bunu İKT üzrə mütəxəssis Osman Gündüz deyib.
Onun sözlərinə görə, təəccüblənməmək mümkün deyil:
"Son 2-3 ildə ölkədə bu sahədə müsbət istiqamətdə ciddi addımlar atılıb. Yəni, hər şey artma istiqamətində olub :
Amma maraqlı və absurd olan budur ki , nəticə fərqli istiqamətdə inkişaf edir:
kibercinayətkarlıq artır, daha hədəfli və ağıllı formalar alır. Hər gün külli miqdarda talamalar var".
Ekspert hesab edir ki, burada nəsə çatışmır:
"Çox güman ki, bu çatışmazlıq texnologiya deyil, insan amilidir.
Şübhələr nəyə əsaslanır?
O.Gündüzün fikrincə, əgər bu qədər kütləvi şəkildə, yüksək məbləğli və dəqiq hədəflərlə dələduzluqlar həyata keçirilirsə, bu, artıq adi bir bank əməkdaşının fərdi bir müştəri məlumatını sızdırması -satışı ola bilməz:
"Bu, yüksək səviyyədə məlumat bazasına çıxışı olan şəxslərin, bəlkə də sistemli şəkildə bu məlumatları fırıldaq şəbəkələrinə ötürməsi ilə bağlı ola bilər.
Bu məlumatlar həm banklardan, həm də mobil operatorlardan sızdırıla bilər, lakin ən çox ehtimal bank məlumat bazaları ilə bağlıdır.
Nə etməliyik?
Fərdi məlumatların qorunması haqqında qanunvericilik təcili şəkildə sərtləşdirilməlidir.Banklarda və mobil operatorlarda müştəri bazasına çıxışı olan bütün əməkdaşlar üzrə daxili audit və təhlükəsizlik yoxlamaları həyata keçirilməlidir.Məsuliyyət yalnız istifadəçiyə yox, məlumatı qorumağa borclu olanlara da şamil edilməlidir və s.
Əgər bu sahədə ciddi araşdırma və hüquqi mövqe ortaya qoyulmasa, kibercinayətkarlıq daha da sistemli xarakter alacaq. Hər gün açıqlanan statistikalarla yalnız vətəndaşlar yox, dövlətin rəqəmsal etimadı və maliyyə sabitliyi də zərbə altında qalacaq.
Ümid edirəm təhlükəsizliyə cavabdeh olan əlaqədar qurumlar da baş verənlərin fərqindədir və ciddi təbrilər görüləcək".